Bakı Forumu mədəniyyətlər və sivilizasiyalar arasında körpüdür

 

   II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 1-ci Nazirlər Görüşünün kommünikesi qəbul olunub. Kommünikedə Bakı Forumunun iki ildən bir təşkil edilməsi ilə bağlı Azərbaycan tərəfinin qərarının Forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, mədəniyyət və turizm nazirləri tərəfindən alqışlandığı və lazımi dəstəyin veriləcəyi qeyd olunur.

   Sənəddə BMT, UNESCO, Sivilizasiyalar Alyansı və digər beynəlxalq və regional təşkilatların müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında etimadın qurulması, qarşılıqlı hörmət və anlaşmanın yaradılması istiqamətindəki fəaliyyətinin dəstəkləndiyi bildirilir.

   Kommünikedə bütün xalqlar üçün sülhün, ədalətin və əmin-amanlığın yaradılması məqsədilə münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanır, mədəni müxtəlifliyin insan hüquq və azadlıqlarının qorunmasında əhəmiyyəti qeyd edilir. Sənəddə həmçinin dünyada uzunmüddətli sülhünsabitliyin yaradılması üçün mədəniyyətlərarası dialoqun mühüm amillərdən biri olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, mədəniyyətlər və dinlərarası dialoq dözümlülüyün, plüralizmin və qarşılıqlı anlayışın artmasına səbəb olur və dövlətlər tərəfindən göstərilən bu cür təşəbbüslər dəstəklənir. Sənəddə Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində səsləndirdiyi mədəniyyətlər və sivilizasiyalar arasında körpünün qurulması ilə bağlı fikirləri yüksək qiymətləndirilir. Sonda Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilir.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 9.